İmişlidə heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün yeni-yeni təsərrüfatlar, süni mayalanma məntəqələri yaradılır. Hazırda rayonda 350-ə yaxın fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və yüksək mənfəət götürür.
Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara, 256 min 234 baş qoyun-keçi saxlanılır.
Son illər İmişlidə xırda heyvandarlıq təsərrüfatları ilə yanaşı, 10-na yaxın iri kompleks də yaradılıb və hazırda bu fermalarda 500 başdan çox cins mal-qara bəslənilir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusilə diqqət yetirilir. Bu istiqamətdə iş təkcə xaricdən gətirilən cins düyələr hesabına deyil, süni mayalanma yolu ilə aparılır. Mal-qaranın cins tərkibinin süni mayalanma yolu ilə yaxşılaşdırılması ucuz başa gəldiyinə görə fermerlər bu üsula daha çox üstünlük verirlər. Ötən il rayonda mövcud olan süni mayalanma məntəqələrinin mütəxəssisləri tərəfindən fermalarda mayalanmış 2 min 999 inək və düyə 1774 baş buzov alınıb və bu buzovlara görə maldara dövlət tərəfindən 177 min 400 manat subsidiya verilib.
Həyata keçirilən tədbirlər nəticəsində rayonda ət, süd və yun istehsalı da ilbəil artır. Ötən il rayonda 13 min 432 ton ət (diri çəkidə), 50 min 48 ton süd, 4 min 118 ton yun istehsal edilib ki, bu da 2018-ci ildəkindən xeyli çoxdur.