IKT

07 Mart

Mövsümün quraq keçməsi kənd təsərrüfatına necə təsir göstərir?

Mövsümün quraq keçməsi ilə əlaqədar olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları fermerlər arasında maarifləndirmə tədbirlərini gücləndiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, bu məqsədlə Salyan və Cəlilabad rayonlarında fəaliyyət göstərən üzümçü fermer və sahibkarlar üçün “Üzümçülükdə mövsümi aqrotexniki işlər və xəstəlik-zərərvericilərə qarşı profilaktiki tədbirlər” mövzusunda tarla şəraitində seminar keçirilib. İnstitutun mütəxəssisləri Azər Şükürov, Azad Əkbərov və Mövlud Hüseynov tərəfindən fermer və sahibkarlara budama qaydaları və fitopatogenlərə qarşı profilaktiki mübarizə ilə bağlı seminar keçirilib. Seminar iştirakçıları tədbirdə iştirak edən üzümçü fermerlərin təklifi ilə onlara məxsus üzüm bağlarına yerində baxış keçirib, onları maraqlandıran və qarşılaşdıqları problemlərlə bağlı sualları cavablandıraraq, elmi əsaslandırılmış təklif və tövsiyələrini çatdırıblar.

Salyan rayonunun Şəkərli, Yenikənd və Həsənli kəndlərində yerləşən bağlara baxış keçirilən zaman “Mahmudu”, “Ağadayı”, “Dərbəndi” və digər üzüm sortlarının tənəkləri üzərində, üzüm məhsulunun həcminə və keyfiyyətinə nəzərəçarpacaq dərəcədə təsir edən mühüm aqrotexniki tədbirlərdən olan budama, formavermə və bağlama əməliyyatlarının aparılma qaydalarına düzgün əməl edilmədiyi müəyyən olunub. Bu da tənəklərin uzunömürlüyünə, üzümün keyfiyyətinə, məhsuldarlığına mənfi təsir edərək, son nəticədə istehsalçının iqtisadi zərərə düşməsinə gətirib çıxara bilər. Fermerlərin müntəzəm olaraq keyfiyyətli və bol məhsul əldə etmələri üçün institutun mütəxəssisləri tərəfindən yerli torpaq-iqlim şəraitinə uyğun olaraq budama, formavermə və bağlama qaydaları praktiki olaraq nümayiş etdirilir və quru budama zamanı buraxılmış nöqsanların aradan qaldırılması üçün becərmə işləri ilə əlaqədar istehsalçılara məsləhətlər verilir. Üzüm bağlarında mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirlərinin vaxtında aparılması, sorta məxsus diferensial aqrotexnikanı tətbiq etməklə üzüm sortlarının tənəklərinə forma verilməsi qaydaları, tənəklərdə quru budama barədə istehsalçılara praktiki məlumatlar verilir.

Alimlər fermerlərin diqqətinə çatdırıblar ki, üzüm budanıb qurtardıqdan sonra kəsim zamanı yaranan yaralardan infeksiya keçməsinin qarşısını almaq üçün tənəklərin 4-5 faiz “Bordo” məhlulu ilə çilənməsi məqsədəuyğundur. Bu məqsədlə “Bordo bulamacı”, “Kauratil”, “Koside”, “Funquran OH” və s. kimyəvi preparatlardan istifadə etmək olar. Bundan başqa, fevral ayının sonlarından başlayaraq mart ayının əvvəllərində qədər zərərvericilərə qarşı profilaktiki mübarizə məqsədilə emusiyalaşdırlmış yağlarla 25-35 l/ha (Hekvidor OİL, VOLK 92 və s.) və müvafiq insektisidlərlə 2,5-3,0 l/h (Versal, Poliqor, Priban, Meqaban və s.) qarışdırılaraq çiləmək məsləhətdir.

Tarla seminarında fermerləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb