Ağcabədi rayonunda payızlıq əkinlə məşğul olan fermerlərə subsidiyaların verilməsinə başlanılıb.
Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, rayon üzrə bu günədək elektron sistemdə 13 min 810 fermer onlayn qaydada istifadəçi FİN-i ilə qeydiyyatdan keçib. Onlardan 7639 nəfərin mülkiyyət hüququna dair sənədləri təsdiq olunub. Rayon üzrə bu günədək 5665 fermer üçün bank kartı hazırlanıb və 2030 fermer “Kapital Bank”dan "Fermer kartı"nı götürüb. Hazırda kartların fermerə paylanması və subsidiyaların "Fermer kartları"na köçürülməsi prosesi davam edir.
Fermerlər elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə onlara hesablanan subsidiyanı alırlar. Fermerlərin hesabına köçürülən əkin subsidiyası onlara kənd təsərrüfatı istehsal vasitələrinin (gübrə, biohumus, ting, pestisid) alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə verilir. Fermerlər əkin subsidiyası məbləğinin 25 faizini nağdlaşdıra (bank terminalından çəkməklə), digər istehsal xərclərinin 75 faizini isə istehsal vasitələri satan təchizatçılarının POS-terminalları vasitəsilə gübrə, toxum, ting, pestisid almaq üçün istifadə edə bilərlər.
Fermerlərin alacaqları gübrə və biohumusun 30 faizini öz hesablarına, 70 faizini isə əkin subsidiyası hesabına ödənilir. "Aqrolizinq" ASC-nin Ağcabədi regional nümayəndəliyindən bildiriblər ki, artıq subsidiyaları kartlarına köçən 51 nəfər fermer mineral gübrə və herbisit almaq üçün müraciət edib. Dörd gün ərzində fermerlərə 36 min 350 kiloqram ammonium nitrat, 520 kiloqram karbamid, 350 kiloqram ammofos gübrələri, həmçinin 59 litr hektafermin, 2,5 kiloqram “Calamity”, 1,8 litr “Covboy” herbisitləri verilib. ASC-nin Ağcabədi regional nümayəndəliyindən gübrə alan Gələbədin kənd sakini Mirzə Abdullayev deyib: “3,40 hektar torpaq sahəsində yonca və taxıl əkmişəm. Əvvəllər gübrə və pestisitlər alarkən çətinliyimiz olurdu. İndi isə bu çətinliyimiz aradan qaldırılıb. Bir neçə gün əvvəl “Kapital Banka” gedərək "Fermer kartı"mı götürdüm. Bu gün isə "Aqrolizinq" ASC-nin Ağcabədi regional nümayəndəliyindən 30 kisə ammonium nitrat gübrəsi aldıq. Məbləğin 30 faizi öz hesabıma, 70 faizi isə kartımdakı subsidiya hesabına ödənildi. Fermerlərə yaradılan bu şəraitdən razıyam".