IKT

06 Mart

Fermerlərin kart hesablarına bugünədək 51,3 milyon manat subsidiya köçürülüb

Payızlıq əkinləri bəyan etmiş fermerlərin kart hesablarına bugünədək 51,3 milyon manat subsidiya köçürülüb

Kənd Təsərrüfatı Nazirliyindən Fins.az-a verilən məlumata görə, subsidiyaların köçürülməsi prosesi davam edir

Fermerlərə payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi prosesi davam edir. Martın 6-dək 155537 fermerin “Fermer kartı”na 51,3 milyon manat subsidiya köçürülüb.  Fermerlərin EKTİS-ə daxil etdiyi torpaq məlumatları və payızlıq əkin bəyanlarının yoxlamaları başa çatdıqca onların adlarına kart sifariş verilir və subsidiya məbləği kart hesablarına köçürülür. Bununla bağlı fermerin mobil telefonuna SMS mesaj, şəxsi kabinetinə isə bildiriş göndərilir.

Martın 6-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 474520 fermer qeydiyyatdan keçib. EKTİS-də qeydiyyatdan keçirilən təsərrüfatların ümumi sayı isə 596887-yə çatıb. Fermerlərdən 361307 nəfər payızlıq əkinlərini bəyan edib. Bugünədək EKTİS-də 993718 hektar payızlıq əkin məlumatı bəyan edilib.

Əkin sahələri ilə bağlı rəqəm yekun deyil. Bir neçə günə yazlıq əkinlərlə bağlı da fermerlərdən bəyanların toplanmasına başlanılacaq. Proses may ayının sonunadək davam edəcək. Bu müddət ərzində hansısa səbəbdən EKTİS-də qeydiyyatdan keçməmiş, yaxud əkinini bəyan etməmiş fermerlər qeydiyyat və bəyan prosedurunu tamamlaya bilərlər. Gecikmiş müraciətlər də yoxlamaya yönləndiriləcək, yoxlama proseduru başa çatdıqdan subsidiyalar həmin fermerlərin kart hesablarına köçürüləcək.

Fermerlərin növbəti payızlıq əkinlərini bəyan etmə müddəti isə 1 sentyabrdan etibarən başlayacaq.