IKT

05 Mart

Yazlıq kartof istehsalının həcmində artım gözlənilir

İrandan ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının əsas hissəsini kartof təşkil edir. Təkcə ötən il qonşu ölkədən 45 milyon dollarlıq idxalın 30 faizi kartofun payına düşüb. Koronavirus təhlükəsi ilə əlaqədar İrandan idxala məhdudiyyət qoyulsa belə, bunun yerli bazara ciddi təsiri olmayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, dekabr, yanvar, fevral ayları ərzində əsas idxal həcmi başa çatıb. Yəni artıq ölkəyə kifayət qədər kartof idxal edilib. İranla yanaşı, Azərbaycana Belarus və Rusiyadan da kartof idxal olunur. Bu səbəbdən də daxili bazarda kartofun qiymətində artım gözlənilmir.

Eyni zamanda, yazlıq kartof istehsalının həcmində də artım gözlənilir. F.Fikrətzadə qeyd edib ki, hava şəraitinin mülayim keçməsi və kartof sahələrinin artırılması bunu deməyə əsas verir. Aprel ayının ortalarından başlayaraq faraş kartof bazara çıxarılacaq.

Qeyd edək ki, ölkəmizdə kartof idxalından asılılığın getdikcə azalacağı proqnozlaşdırılır. Belə ki, ölkəmizdə 350 min tonluq soyuducu anbar infrastrukturunun formalaşması istiqamətində işlər bu il yekunlaşacaq. Bu, həm də faraş kartofla yanaşı, payızlıq kartofu da ixrac etməyə imkan verəcək.