İrandan ölkəmizə təxminən 1600 adda mal gətirilir. İdxalın 10 faizi (45 milyon dollar) ərzaq məhsullarından ibarətdir. Ərzaq məhsullarının 1,6 milyon dolları heyvan mənşəli, qalanı bitki mənşəli məhsullardır.
Azərbaycan İrandan ərzaq məhsulu kimi əsasən tərəvəz, meyvə və meyvə quruları idxal edir. 2019-cu ildə 13,2 milyon dollar dəyərində 54,2 min ton kartof və 6 milyon dollarlıq digər tərəvəz məhsulları alınıb. Bunlar içərisində badımcan, bibər, xiyar üstünlük təşkil edib. Meyvə idxalının dəyəri 13 milyon dollardan artıqdır. Bura meyvə quruları da daxildir. İrandan daha çox xurma, portağal, qurudulmuş üzüm, kivi idxal olunub.
Aydın məsələdir ki, virus təhlükəsi fonunda sərhədlərin bağlanması və İrandan ərzaq və aqrar sahə məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyətlər qoyulması məcburi addımdır. Çünki, ortalıqda ən vacib məsələ olan insan sağlamlığı məsələsi dayanır. Başqa bir tərəfdən, təbii şəraitinə müvafiq olaraq İrandan gətirilən qida və kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti Azərbaycanda istehsal edilir. Özü də ölkəmizdə istehsal edilən həmin məhsullar keyfiyyət baxımından daha yüksəkdir. Bu mənada İranla bağlı qoyulan məhdudiyyətlər fonunda yerli ərzaq məhsullarına tələbatın daha da artacağını gözləmək olarmı?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli düşünür ki, İranla sərhədin bağlanması fonunda yerli ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat sözsüz daha da artacaq. Ancaq həmsöhbətimizə görə, bunun üçün bəzi yerli məhsulların maya dəyərinin aşağı salınmasına nail olmalıyıq: “İran tək qonşu ölkə deyil, eyni zamanda, kənd təsərrüfatı və ərzaq məhsulları bazarını formalaşdırın çox mühüm ölkədir. Məsələn, Azərbaycandakı sənaye müəssisələrinin çoxu lazım olan xammalı əsasən İrandan gətirir. Bu, o deməkdir ki, qonşu ölkəyə tək kənd təsərrüfatı prizmasından baxmamalıyıq. Sənayedə işlədilən xammal, texnologiyalar da oradan gəlir. Bu mənada təbii ki, İranla sərhədin bağlanmasının təbii ölkəmizə də müəyyən təsirləri olacaq.
Nəzərə alaq ki, qarşıda nmühüm bayram, Novruz bayramı gəlir. Novruz bayramının atributları olan məhsullar, quru meyvələr demək olar ki, məhz İranın hesabına təmin olunur. Bu mənada son hadisələr fonunda əlbəttə ki, yerli istehsala tələbat da artacaq. Ümumiyyətlə, bazarda yerli istehsala tələbat həmişə olub. İrandan hər il təxminən 50-60 min ton kartof gətirilir. Habelə, digər meyvə-tərəvəz məhsulları, müəyyən quru meyvələr gəlir. Kononavirus hadisəsi göstərir ki, insan təhlükəsizliyi məsələsi bir nömrəli məsələdir. Hələlik, sərhəddə gediş-gəliş iki həftəliyə bağlanıb. Amma şəraitdən asılı olaraq bu müddət artırıla da bilər. Belə olan vəziyyətdə ölkənin qida təhlükəsizliyi məsələsinin həllində şübhəsiz ki, yerli məhsullara daha çox önəm verməliyik.
Tədricən ilkin yaz dövrünə qədəm qoyuruq. Faraş tərəvəzçiliklə istehsal prosesinə başlanılacaq. Sonradı dövrdə də istehsalın digər həlqələri fəaliyyətə başlayacaq. Bu arada sarımsğın qiymətinin kəskin bahalaşması tələb edir ki, həmin məhsulun ölkə daxilində istehsal potensialını artırmalıyıq. Ən əsası saxlanc imkanlarını artırmalıyıq ki, belə boşluqlar yarananda ölkəni yerli məhsullarla təmin edə bilək. Bu müstəvidə ən effektiv yol şübhəsiz ki, həmin məhsulların ölkə daxilində lazımi qədər istehsal edilməsidir. Amma nəyə görə bir sıra məhsulları İran və ya digər ölkələrdən gətiririk? Məsələ ondadır ki, məhsulun hər kiloqramına düşən maya dəyərinin təmin edilməsinə ehtiyac var. Elə məhsullar var ki, onu ölkə daxilində istehsal etmək, İrandan gətirməkdən daha baha başa gəlir. Xüsusən də taxıl və taxıl, yem məhsullarını bura aid etmək olar. Prosesdə tənzimlənmə siyasətinin həyata keçirilməsinə ehtiyac var. Elə etməliyik ki, daxildə istehsal edilən məhsulun maya dəyəri xaricdən gətirilən məhsula rəqabətə davam gətirə bilsin. Yəni ucuz başa gəlsin ki, bazarda mövqeyini gücləndirə bilsin. Bu fonda vergi-gömrük, onların azaldılması, dolayısı ilə subsidiya kimi tədbirlər də görülməlidir ki, həmin məhsulların maya dəyəri İrandan gətirilən anoloji məhsulun maya dəyərindən ucuz başa gəlsin. Ölkə daxilində indi istehsal olunan quş ətinin maya dəyəri 3-3,10 manat arasında dəyişir. Amma İrandan gətirilən həmin məhsulun qiyməti bazarda 2,80 manatdır. Bu fərqi aradan qaldırmaqla yaranmış situasiyada yerli ərzaq məhsullarına tələbatın artımına nail ola bilərik”.