IKT

02 Mart

Balakən tütünçüləri mövsümə hazırlaşırlar

Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 450 hektarda tütün əkini nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən sadə istixanaların hazırlanması işi başa çatdırılıb və hazırda istixanalara toxum səpini davam edir. Rayonda tütün istehsalı ilə məşğul olan “Azərtütün ASK” MMC, “Azəri” Korporasiyası və “İlham-M” MMC tərəfindən tütün yetişdirilməsi ilə əlaqədar istehsalçılarla müqavilələr bağlanılıb və onlar istixanaların hazırlanması üçün lazım olan polietilen örtük və toxumla təmin ediliblər.

Bu barədə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, balakənli fermerlər bu il 363 hektar sahədə “Virciniya botaniki”, 3 hektarda “Berley ətirli” və 84 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər. Tütün əkiləcək sahələr müəyyənləşdirilib və şumlanaraq əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 450 hektar sahədən 512,3 ton quru tütün tədarük ediblər.

©Azertac