IKT

02 Mart

“AgroHackathon 2020” startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi, Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə “AgroHackathon 2020” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, eləcə də Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri iştirak ediblər. 

Təqdimatdan öncə “AgroHackathon 2020” müsabiqəsi haqqında film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov müsabiqənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, bu müsabiqə kənd təsərrüfatı sahəsində aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. O, startapçıları uzunmüddətli layihələr üzərində çalışmağa dəvət edib. Qeyd olunub ki, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən startap layihələrinə davamlı dəstək göstəriləcək.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 fazidən çox artıb”.

Bütün sahələrdə innovativ həllərin tətbiqi ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini deyən nazir qeyd edib ki, yeni çağırışlar fonunda bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib: “Aqrar sahədə inkişafın əsasını, məhz innovasiyalarının tətbiqi təşkil edir. Qarşımizda duran əsas vəzifə torpaq və su resurslarınında səmərəli istifadə etmək, ətrah mühitin qorunmasını təmin etməkdir. Həmçinin fermerlərinin gəlirlərinin artırılması və  eyni zamandan xərclərinin azaldılması, əsas hədəflərimizdəndir. Məhz bu zərurətlərdən irəli gələrən aqrar sahədə mütərəqqi həllərin, innovativ metodların, müasir texnologiyların tətbiqi vacibidir. Aqrar sahə innovasiyaların, elektron həllərin, proqramların tətbiqi üçün ən uyğun və tələbkar  sahələrdən biridir. Bu gün kənd təsərrüfatı İT texnologiyalarının ən geniş tətbiq olunduğu sferalardan birinə çevrilib. Dronların tətbiqi, subsidiyaların operativ və şəffaf şəkildə verilməsini təmin edən, aqrar xidmətləri fermer üçün daha əlçatan edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, dəqiq aqrodataların toplanmasına imkan verən platformaların istifadəyə verilməsi bunların yalnız bir hissəsidir. Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə innovasiyaların tətbiqini hər zaman dəstəkləyir və bu yanaşma bizim fəaliyyət prinsiplərimizdən birinə çevrilib. Müasir dövrdə gənclərin aqrar sektora cəlb edilməsi qlobal çağırışlardan biridir. Ümidvaram ki, “AgroHackatton-2020” müsabiqəsi gənclərin aqrar sahəyə marağını daha da artıracaq. Keçirilən müsabiqə və əldə olunan nəticələr göstərir ki, gənclərimizin bu sahədə böyük potensialı var. Onlar öz bilik və bacarıqlarını aqrar sahəyə dair mobil tətbiqlər yaratmağa, prosesləri proqramlaşdırmağa sərf etməklə ölkədə kənd təsərrüfatının inkişafına öz töhfələrini vermiş olacaqlar”.

Nazir İnam Kərimov müsabiqənin qaliblərini təbrik edib və layihənin bütün iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, “Azərbaycan Sənayə Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə müsabiqənin əhəmiyyəti ilə bağlı öz fikirlərini bölüşüb, gəncləri startap müsabiqələrində fəal iştirak etməyə çağırıblar.

Daha sonra “AgroHackathon 2020” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqədə I yeri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Mathemates” komandası,  II yeriAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Origen” komandası, III yeri ADA Universiteinin SPD komandası tutub. Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutunun təşəbbüsü ilə müsabiqədə xüsusi fərqlənmiş Azərbaycan Texniki Universitetinin komandasının şərəfinə institut tərəfindən yetişdirilmiş yeni pomidor sortuna “AzTU-2020” adı verilib.

Xatırladaq ki, müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib. Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandalarının ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçıların sayı isə 20 nəfərdən artıqdır. Yarış zamanı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılıb, onlar ekoloji təmiz qida və şirələrlə təmin olunublar. Fevralın 29-dan start verilən müsabiqədə 15 komanda 2020 dəqiqə ərzində istixanaların suvarma sistemləri üçün proqram yazıblar. Müsabiqə bu gün saat 06:00-da yekunlaşıb. Müsabiqə iştirakçıları onlara verilmiş texniki tapşırığın öhdəsindən uğurla gələrək 2020 dəqiqə ərzində ölkə üzrə rekord sayılacaq qədər kod yazmaqla istixanaların suvarma sistemləri üçün proqram hazırlayıblar.

Qeyd edək ki, bu müsabiqə, təşkil edildiyi yer və qoyulmuş  problemin unikallığı cəhətdən dünyada bir ilkdir. “AgroHackathon-2020” müsabiqəsi çərçivəsində tapılmış texniki həllərin müasir istixana komplekslərinin idarəetməsində tətbiqi nəzərdə tutulur.