IKT

28 Fevral

AQTA laboratoriyaları koronavirusla bağlı çağırışlara hazırdır

Dünya ölkələrində koronavirus xəstəliyinin sürətlə yayılması və qonşu ölkələrdə də qeydə alınması səbəbindən hazırda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. Belə ki, Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya olmaqla 19 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin müvafiq laboratoriyaları koronavirusla bağlı təcili çağırışlara operativ şəkildə reaksiya vermək imkanlarına malikdir və tam hazır vəziyyətdə öz fəaliyyətini davam etdirir. Laboratoriyalar COVID-19 koronavirusun müayinəsi üçün PZR (Polimeraz Zəncirvari Reaksiya) dəstləri, Fərdi Mühafizə Vasitələri, dezinfeksiyaedici vasitələrilə təmin olunub. Eyni zamanda müvafiq bölmənin əməkdaşları bu xəstəliyin laborator müayinəsi ilə əlaqədar xüsusi təlimlərə cəlb olunub.

Bundan əlavə, COVID-19 infeksiyası ilə əlaqədar 3-cü səviyyəli biotəhlükəsizlik mobil səhra laboratoriyası da hazır vəziyyə gətirilmişdir. Xəstəliyə hər hansı  şübhə yaranarsa, dərhal mobil dəstə operativ şəkildə Respublikanın istənilən ərazisinə ezam oluna  və qısa zaman ərzində müayinələri həyata keçirə bilər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyası ölkədə epidemioloji və epizootik sabitliyin qorunması üçün bütün zəruri avadanlıq, vasitə və peşəkar kadrlarla təmin olunmuşdur.  

Ümumdünya Səhiyyə Təşkilatının eksperti və ABŞ Milli Səhiyyə İnstitutunun virusoloq-həkimi də laboratoriyaıarda aparılan müayinələrlə tanış olub və qiymətləndirmə apararkən burada yaradılan şəraiti yüksək dəyərləndirib, müayinələrin yüksək keyfiyyətlə, bütün biotəhlükəsizlik qaydalarına riayət edilərək aparıldığını vurğulayıblar.

Agentlik vətəndaşları xəstəliklərdən qorunmaq və xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə və yalnız rəsmi orqanların yaydığı məlumatlara etibar etməyə çağırır.