Arı ailələri açıq havada qışladıqda onların küləkdən qorunmasına ciddi fikir verilməlidir. Qışda pətəklərin üstündəki qarı süpürüb təmizləmək, uçuş bacasını qırovdan, buz hissələrindən, həmçinin pətəkləri yuvada ölmüş arılardan təmizləmək lazımdır. Günəşli günlərdə pətəklərin üst yastıqları çıxarılıb qurudulmalıdır.
Fins.az qışda arılara qulluqla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin tövsiyələrini təqdim edir:
Arıçı qış mövsümündə yaza hazırlaşmalıdır. Belə ki, köhnə pətəkləri, arakəsmə taxtalarını, ehtiyat pətəkləri təmir etməli, çərçivələri quraşdırmalı, onlara məftil çəkməli, əritdiyi mumu tədarük məntəqəsinə təhvil verərək əvəzində süni şan almalıdır. Çərçivəli pətəklər, avadanlıq, arıları yemləmək üçün şəkər, profilaktika və müalicə məqsədləri üçün dərman preparatları əldə etməlidir.
Arıları çoxgövdəli pətəklərdə saxladıqda qabaqcadan boş şanlar, yem çərçivələri və süni şan çəkilmiş çərçivələr düzülmüş yeni ehtiyat gövdələr hazırlanmalıdır.
Arı ailələri qışlama binalarında saxlanılırsa, havalar istiləşməyə başladıqda onlar binadan çıxarılır, yaxınlıqda qabaqcadan hazırlanmış yerə qoyulur. Sonra sakit havada qısa bir müddətdə onlara baxış keçirilir.
Yaxınlıqda münasib yer yoxdursa, arı ailələri başqa arıxanalara aparılır, orada yuva ötəri nəzərdən keçirilir və arılara təmizləyici uçuş imkanı verilir. Pətəkləri başqa yerə apararkən ehtiyatlı olmaq, onları silkələnməkdən və taqqıldatmaqdan qorumaq lazımdır. Bu şərtə əməl etmədikdə pətəkdə arıların kələfi (yumağı) dağılır və onlar narahat olurlar.
Yüksək dağ rayonlarının (Gədəbəy, Kəlbəcər, Daşkəsən, Yardımlı, Lerik və s.) qışlama yerlərində arıların vəziyyəti yoxlanılır. Əgər arılar qışlama binalarında qışlayırlarsa, binanın istiliyi tez-tez yoxlanılır. Bina sakit, qaranlıq və burada istilik 2-4°C-dən yuxarı, rütubət isə 75-85 faizdən artıq olmamalıdır. İstilik çox olduqda havanı tez-tez dəyişdirmək lazımdır. Çox narahat olan arı ailələri isti, günəşli və küləksiz günlərdə açıq havaya çıxarılır.
Açıq havada qışlayan arı pətəklərinin uçuş bacaları qardan və ölmüş arılardan təmizlənir. Arıxanalar alət və avadanlıqla təchiz olunur. Süni şan alınaraq ehtiyat yaradılır. Köhnə çərçivəli pətəklər təmir edilir və yeniləri hazırlanır.
Ac arı ailələrinə yem verilir. Arıların qışlama yerlərindən açıq havaya çıxarılmasına hazırlıq görülür. Pətək düzüləcək yerlər qaydaya salınır. Əlavə istiləşdirici material və yastıq, pətəkləri düzərkən yerə sancmaq üçün paya hazırlanır.
Arıxananın çəpəri qaydaya salınır və ağaclar əkilir. Əlverişsiz şəraitdə qışlayan arılar ishal xəstəliyinə (xüsusən nozematoz) tutulduqda çox narahat olurlar. Belə halda arılar küləksiz və sakit havada uçuş üçün çölə çıxarılır, axşamlar isə yenidən qışlama binasına qoyulur.
Arıxanada bal məhsuldarlığının artırılmasına kömək edən bitkilər əkmək üçün yer hazırlanır və toxum səpilir. Açıq havada qışlayan arı pətəklərinin kölgələndirilməsinə və onların qapağının düzgün oturdulmasına diqqət yetirmək lazımdır. Qışda pətəyin üst qapağının çürüməməsi üçün onu tez-tez qardan təmizləyirlər.
İshal xəstəliyinə tutulmuş arılardan dəqiq diaqnoz üçün baytarlıq laboratoriyasına material göndərilir. Havalar istiləşən kimi arılar açıq havaya çıxarılır. Pətəklər elə qoyulmalıdır ki, onlar uçuş bacasına doğru meyilli vəziyyətdə olsunlar. Belə olduqda arılar pətəkdəki zibili asanlıqla çıxarıb bayıra tullayırlar.
Arıların uçuşundan sonra dərhal bütün pətəklər yoxlanılır, altlıqlar təmizlənir, uçuş bacaları hər ailənin özünə münasib genişlikdə qoyulur və beləliklə bütün arıxana qaydaya salmır. Bəzən zəif ailələr birləşdirilir. Yemi az və ya olmayan arı ailələrinə 1:1-ə nisbətində qatı şəkər şərbəti verilir. Lazım gələrsə, arı ailələrinin yuvaları qısaldılır.
Bulaşmış, kiflə örtülmüş şan çərçivələri ya təmizlənir, ya da təmizlənməsi mümkün deyilsə, başqası ilə əvəz edilir. Yuva mümkün qədər istiləşdirilir. Pətəkdən çıxarılmış və çıxdaş edilmiş şanlar mum üçün əridilir.
Arıların kötükdə, yaxud səbətdə saxlandığı yerlərdə qara şanlar kəsilməli və əmələ gəlmiş bütün deşiklər palçıqla suvanmalıdır. Kötükdə və səbətdə saxlanan arı ailələrini yeni arıçılıq mövsümündə çərçivəli pətəklərə köçürmək üçün hazırlıq görülür.
İstər açıq havada və istərsə də qışlama binasında qışlayan arı ailələrinə qışlamanı necə keçirməsinə nəzarət edilir. Bunun üçün arı ailələrinə apiskopla qulaq asılır. Vızıltıya əsasən vəziyyəti müəyyən edilir. Narahat ailələrdə narahatçılığın səbəbi araşdırılır və aradan qaldırılması üçün tədbirlər görülür.