IKT

17 Fevral

Bu il Balakəndə yaş barama istehsalının 50 tona çatdırılması proqnozlaşdırılır

2020-ci ildə Balakən rayonunda yaş barama istehsalının artırılaraq 50 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar artıq kəndlər üzrə kümçülərin siyahısı da tərtib edilib.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi balakənli fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Ötənilki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb. Rayon üzrə 311 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 218 min manatdan çox vəsait ödənilib.

Sektor müdirinin sözlərinə görə, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 492 mindən çox tut tingi əkilib. Bunun 276 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 216,7 min ədədi isə yerli tut tingləridir.

©Azertac