Amerika-Azərbaycan Ticarət Palatasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin iştirakı ilə vebinar keçirilib. ABŞ və Azərbaycan işgüzar dairələrinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ABŞ Kommersiya Xidmətinin və Kiçik Biznes Administrasiyasının nümayəndələri telefon konfransına qoşulublar.
Fins.az xəbər verir ki, M.Əliyev vebinar iştirakçılarını agentliyin strategiyası ilə tanış edərək, onun fəaliyyətinin mühüm istiqamətləri, yəni aqrar analitika, aqrar həllər, aqrar biliklər, aqrar dəstək və aqrar treydinq barədə məlumat verib.
Təqdimat kənd təsərrüfatının maliyyələşdirilməsinə dair məsələlərin geniş dairəsini əhatə edib. Agentliyin başçısının sözlərinə görə, hökumət fermerlərə maliyyələşdirmə, o cümlədən xammalın satın alınmasına, güzəştli kreditlərə və kənd təsərrüfatı texnikasının satın alınması üçün maliyyələşdirmənin digər formalarına subsidiyalar ayırmaqla, onları dəstəkləyir. Hökumət kənd təsərrüfatı texnikasının fermerlərə satılmasını tam subsidiyalaşdırır ki, bu da məhsuldarlığı çoxaltmağa və mədaxili artırmağa imkan verir.
M.Əliyev deyib ki, dövlətin kənd təsərrüfatı subsidiyaları əsas etibarilə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə, heyvandarlığa və kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilir. Azərbaycan hökuməti kənd təsərrüfatı sektoruna müxtəlif vergi güzəştləri təqdim edir. Biznesə şərait yaratmaq və kənd təsərrüfatı fəaliyyətini stimullaşdırmaq məqsədi ilə hökumət kənd təsərrüfatı üçün qrantların ümumi məbləğinin 40 faizini və heyvanların yetişdirilməsi üçün 60 faizini təqdim edir. Bundan əlavə, hökumət kənd təsərrüfatı texnikasının satın alınmasına sıfır faiz dərəcəsi ilə 40 faiz kredit və heyvandarlığın inkişafına 7 faiz dərəcəsi ilə 15 faiz kredit verir. Fermerlər kənd təsərrüfatı heyvanları və ya texnikası alarkən ümumi məbləğin müvafiq olaraq 25 və 20 faizi həcmində ilkin ödənişlər etməlidirlər.