"Azərbaycan Beynəlxalq Bankı" ASC aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə qoşulub.
Fins.az xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bununla ABB ölkədə ilkə imza atıb.
“AzALES” adlanan sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Yeni innovativ həll aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir. Sistem fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Eyni zamanda, bank və kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradır.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, kənd təsərrüfatı layihələrinə maliyyə dəstəyinin təmin olunması hazırda bank üçün əsas prioritetlərdəndir. Bank qeyri-neft sektorunun digər istiqamətləri kimi, aqrar sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlarla da əlaqələri genişləndirir:“Kənd təsərrüfatı layihələrinə kredit ayrılan zaman risklərin düzgün qiymətləndirilməsi bank üçün çox mühümdür. AzALES sisteminə qoşulmağımız bu baxımdan böyük fayda verəcək. Sərfəli şərtlərlə təklif etdiyimiz kredit məhsulları kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan olacaq. Kredit müraciətlərinə baxılmasının sürətləndirilməsi ilə yüksək müştəri məmnuniyyətinə də nail olacağıq”.