IKT

13 Fevral

12 ölkədən gətirilən quşçuluq məhsullarına qadağa qoyulub

Bu il 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasında keçirdiyi brifinqdə deyib.

O bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur.

Sədr əlavə edib ki, Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Q.Təhməzli bildirib ki, hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb: "Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur".

AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb.