Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.
Rayon statistika idarəsindən bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə rayonda iribuynuzlu mal-qaranın baş sayı 1,6 faiz artaraq 42 min 297 başa, quşlar (bütün növ üzrə) 0,5 faiz artaraq 250 min 590 başa, arı ailələri 1,1 faiz artaraq 6118 arı ailəsinə, atların baş sayı 13,4 faiz artaraq 356 başa çatıb. 2019-cu ildə təsərrüfatlarda 4733,8 ton ət, 37 min 873 ton süd, 15 milyon 19 min ədəd yumurta, 204 ton yun istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı 5,6 faiz, yumurta istehsalı 13,7 faiz, yun istehsalı 4,9 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ildə 3873 baş inək və düyə süni yolla mayalandırılıb, 2138 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holşteyn-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.