IKT

10 Fevral

Bu rayonda aqrar sahədə məhsul istehsalı 5 faiz artıb

Dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, həyata keçirilən infrastruktur layihələri ölkəmizin dayanıqlı inkişafı üçün əlverişli zəmin yaradıb. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verib. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev aqrar sektorda əldə olunan nəticələri yüksək qiymətləndirərək deyib: “Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”.

Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2019-cu il Zaqatala rayonu üçün də uğurlu olub. Belə ki, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 6 milyon 238 min manat və ya 4,9 faiz artaraq 133 milyon 989,5 min manata çatıb.

Bu barədə rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə rayonda 607 ton quru tütün, 53 ton yaş barama, 55,5 ton yaşıl çay yarpağı istehsal edilib. Fındıq istehsalı əvvəlki illə müqayisədə 275 ton artaraq 15 min 344 ton olub.

Ötən il rayonda 9 min 412 ton diri çəkidə ət, 43 min 658 ton süd, 22 milyon 787 min ədəd yumurta, 299,8 ton yun istehsal edilib. Bütün növ heyvandarlıq məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.