Yardımlıya bərəkət rəmzi olan qarın yağması bu il kənd təsərrüfatı məhsullarının, əsasən də taxılın bol olacağını deməyə əsas verir.
Fins.az xəbər verir ki, havanın qarlı və şaxtalı keçməsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Mütəxəssislər iqlimin fəslə uyğun davam etməsini həm insan sağlamlığı, həm də epidemioloji baxımdan vacib sayırlar.
Xüsusilə gecə saatlarında şaxtaların düşməsinin taxıl, tərəvəz-bostan bitkilərinə, eləcə də meyvə ağaclarına müsbət təsiri var.
Fermer Rafiq Baloğlanov deyir ki, bu il taxıl sahələrində gözəl çıxış alınıb: “Çoxdan gözləyirdik ki, belə qar yağsın. Sahələrdə bütün aqrotexniki qaydalara riayət etmişik. Gübrə vermişik, hər cür qulluq etmişik. Bizdə əkin dəmyə üsulu ilə aparılır. Yəni suvarma yoxdur. Məhsuldarlıq ötən il də yaxşı idi, hər hektara 3 tonadək taxıl götürmüşdük”. Yağan qarın uzun müddət torpaqda qalması bitkiləri zərərvericilərdən mühafizə edir, həmçinin torpaqda nəmlik yaradaraq bitkinin inkişafına təkan verir. Bundan başqa, şaxtalı hava torpaqda olan zərərvericiləri və gəmiriciləri məhv etməklə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına səbəb olur. Əvçədulan kənd sakini Əlizadə Şükürov 9 torpaq payçı ilə birləşərək 30 hektara yaxın sahədə taxıl əkib. Təsərrüfatçı deyir ki, bu il zəmilərdən keyfiyyətli məhsul gözləyirlər:
“Qarın yağması sanki torpağa bərəkət gətirir. Dövlətimiz də bu fermerlərə lazımi dəstəyi göstərir. Biz kəndlilər nəzərdə tutmuşuq ki, gələn il daha çox sahəni əkək. Bu da respublikamızda ərzaq bolluğuna öz töhfəsinə verəcək”. Rayonda bu təsərrüfat ili üçün ötən ildəkindən 100 hektar çox olmaqla, ümumilikdə, 3450 hektar sahədə əkin aparılıb. Bunun da 3200 hektarı buğda, qalanı isə arpa və vələmir sahələridir.