IKT

06 Fevral

Fermerlər EKTİS vasitəsilə sertifikatlı toxum əldə edə biləcəklər

Bu il ötən illə müqayisədə gübrə satan şirkətlərin sayı çoxalıb. Aqrar Xidmətlər Agentliyi olaraq biz onları yeni təchizatçılar portalında qeydiyyatdan keçirmişik. Fermer kartlarına pul köçürüldükdən sonra gübrə satışı aparılacaq. Ümid edirəm ki, bu proses gübrə bazarında qiymətin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində sağlam rəqabət mühitinin yaranması deməkdir. Kənd Təsərrüfatı Nazirliyi mütəmadi olaraq fermerlərin yanında olacaq ki, şirkətlər süni qiymət artımına yol verməsinlər.

Fins.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Seymur Mövlayev gübrə, toxum, pestisid təchizatçıları ilə görüşdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən il bazara 30-dək yeni təchizatçı şirkət daxil olmuşdusa, hazırda qeydiyyatdan keçən bu cür şirkətlərin sayı 80-dən çoxdur. Müraciətlər davam edir. Keyfiyyət məsələsinə isə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.

Fermerlərin keyfiyyətli, sertifikatlı toxumla təmin olunması ilə bağlı sualı da cavablandıran Agentlik sədri deyib: “Əvvəlki subsidiya qaydalarına görə gübrələr və pestisidlərin güzəştli şərtlərlə alışı təmin olunurdu. Yeni qaydalara əsasən güzəştlər toxuma da tətbiq edilir. Beləliklə, fermerlər subsidiya paylarından istifadə etməklə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə sertifikatlı toxum əldə edə biləcəklər”.