IKT

06 Fevral

"Azərsun Holdinq"in TARİXİ

 “Azərsun Holdinq” 1991-cü ildə, ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi.

Növbəti illərdə Azərbaycanın müxtəlif bölgələrində (Xaçmaz, Biləsuvar, Lənkəran, Qazax) 4 konserv  zavodunu istismara verməklə minlərlə fermerin öz məhsulunu sataraq gəlir əldə etməsinə şərait yaratdı. 2006-cı ildə 110 hektar ərazini əhatə edən və regionun ən böyük İmişli Şəkər Zavodu istismara verildi ki, bu müəssisənin fəaliyyəti İmişli rayonu ilə bərabər Azərbaycanın digər bölgələrinin də inkişafına müsbət təsir göstərdi. Həmin il “Azərsun Holdinq” tərəfindən Biləsuvar rayonunda 4500 hektarlıq əkinə yararsız şoran ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir kənd təsərrüfatı avadanlıqları, suvarma sistemi və aqrotexniki avadanlıqlarla təchiz olundu.

2010-cu ildə “Azərsun Holdinq” tərəfindən UNICEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqramına uyğun olaraq Masazır Duz Zavodunu istismara verdi. Qısa müddət ərzində bu müəssisənin fəaliyyəti nəticəsində ölkəmiz duz idxal edən ölkədən ixracatçıya çevrildi. Bundan əlavə, 2010-cu ildə holdinq tərəfindən Azərbaycanın ilk müasir alış-veriş mərkəzi olan, 48.000 m2 sahəni əhatə edən Park Bulvar ticarət mərkəzi istifadəyə verildi. Növbəti il isə şirkətlər qrupu Azərbaycanın pərakəndə satış bazarına yeni nəfəs gətirən və gündəlik 50 mindən artıq insana xidmət göstərən “Bazarstore” super marketlər şəbəkəsini yaratdı. İqtisadiyyatın müxtəlif sahələrinə sərmayə edərək minlərlə insanın işlə təmin olunmasına müvəffəq olan “Azərsun” 2013-cü ildə Kürdəmir Süd Emalı Zavodunu istismara verdi.

Ətraf mühitin mühafizəsinə də prioritet kimi yanaşan “Azərsun Holdinq” 2014-cü ildə Sumqayıt şəhəri yaxınlığında yerləşən Azərsun Sənaye Parkının inşasını yekunlaşdırdı. Bu kompleksdə Sumqayıt Yağ Fabriki və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı nəzdində Kağızın Təkrar Emalı müəssisəsi fəaliyyətə başladı. İstehsal fəlsəfəsi “tarladan süfrəyə” olan “Azərsun” məhsullarının qablaşdırmalarının hazırlanması da şirkətlər qrupunun Xırdalan Karton Fabriki və Metal Qablaşdırma müəssisələri tərəfindən həyata keçirilir. “Azərsun Holdinq” ildən ilə fəaliyyət sahələrini artıraraq qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dan artıq müəssisəni istifadəyə verib, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir holdinqə çevrildi. Şirkətlər qrupunun müəssisələri tərəfindən istehsal olunan məhsullar Azərbaycanın qida və ərzaq təhlükəsizliyini tam təmin etməklə bərabər xarici bazarlarda da satışa çıxarılır ki, bunun da nəticəsi olaraq ölkəmizin ixrac potensialına mühüm töhfə verilmiş olur.