Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi subsidiyaların verilməsində şəffaflığı və ünvanlılığı daha yaxşı təmin edir. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə danışan Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparılır. Keçən il fermerlərə 380 milyon manat subsidiya verilib. Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi mütərəqqi təşəbbüsdür.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov açıqlamasında EKTİS-in fermerlərə yaratdığı üstünlüklərdən danışıb.
Şöbə müdiri bildirib ki, yeni sistemin tətbiq olunması nəticəsində fermerlər əkin subsidiyalarını artıq təsərrüfat ilinin sonunda deyil, əvvəlində alacaqlar. Bu da əkin prosesində xərclərin mühüm bir hissəsini qarşılamağa şərait yaradacaq. Eyni zamanda, fermerlər kənd təsərrüfatı istehsal vasitələrindən gübrə, toxum, pestisid, kənd təsərrüfatı texnikasının, baramaçılıq sahəsində ipəkqurdu və tut tinglərinin satınalınmasını EKTİS vasitəsilə həyata keçirə biləcək və bunun üçün müxtəlif yerlərə gedərək araşdırma etmək məcburiyyətində qalmayacaqlar.
Fermerlər yeni sistemdə yaratdıqları elektron kabinetləri vasitəsilə Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarına günün 24 saatında müraciət göndərmə imkanı əldə edəcəklər. Bu, fermerlərə onlara göstərilən dövlət dəstəyi üzrə ilkin mənbədən dürüst məlumat əldə etməyə imkan verəcək. Ölkə üzrə aparılacaq və aparılan əkin barədə məlumatlar zamanla fermerlər üçün əlçatan olacaq. Bu, həm təsərrüfat, həm də ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda onlara köməklik göstərəcək. EKTİS fermerlərə bitkiçilik və heyvandarlıq sahələri üzrə elmi-praktiki təcrübələrin nəticələri ilə tanış olmaq, sahəvi fəaliyyətləri üzrə təkmilləşdirici tövsiyələr, məlumatlar əldə etmək imkanı qazandırır.
Vüqar Hüseynov qeyd edib ki, hazırda fermerlərin elektron sistemdə bəyan etdikləri torpaq sahəsi və payızlıq əkin məlumatlarının yoxlanılması prosesi gedir. Proses yekunlaşan kimi təsdiqlənmiş yekun bəyan məlumatları əsasında subsidiyaların “Fermer kartı”na köçürülməsi prosesi başlayacaq. Fermerlər karta köçürülmüş subsidiya məbləğinin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra biləcəklər. Qalan 75 faiz isə qeyri-nağd ödəmələr şəklində gübrə, pestisid, toxum, ting və s. alınmasında, aqrar xidmətlərə dair ödənişlərin edilməsində istifadə oluna biləcək. Hazırda EKTİS-də bu məhsulları təmin edən təchizatçıların qeydiyyatı prosesi davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, həmçinin əlavə edib ki, fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Xidmətlər Agentliyi gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək. 200-dək təchizatçının iştirak edəcəyi görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim olunacaq.