IKT

05 Fevral

Ötən il süni mayalanma yolu ilə 3386 baş buzov alınıb

Salyanda heyvandarlq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara ayırdığı əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən iribuynuzlu ətlik və südlük düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində bu sahəyə marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir.

Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 237 baş inək və düyədən 3 min 386 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 338 min 600 manat subsidiya ödənilib.

Hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da 75 faizi süni mayalanma üsulu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.

Qeyd edək ki, ötən il ölkə üzrə ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz isə 25,3 faiz artıb. Qarşıda duran əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslardan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq olunmasıdır.