IKT

05 Fevral

İstehsal olunmuş məhsul toxumçuların brendləşdirilmiş adı ilə satılacaq

Ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı Biləsuvarda da toxumçu fermerlərin xüsusi diqqətindədir. Dövlət Toxum Fonduna tədarük üçün bu il 1100 hektardan çox sahədə yüksək kondisiyalı, sertifikatlı toxum sortları əkilərək normal çıxış əldə edilib.

Fins.az xəbər verir ki, ötən il Biləsuvarda əkilən 30 min hektar sahədən 95 min tona yaxın məhsul toplanılıb. Yığılmış məhsulun 50 min 290 tonu arpa, 44 min tondan çoxu isə buğda olub. Hər hektardan orta məhsuldarlıq buğdada 32, arpa da isə 31 sentnerə çatıb. Ötənilki göstəricidən razı qalan torpaq sahibləri əkin sahələrini bir qədər də genişləndirərək, bu il 31 min hektardan çox sahədə taxıl əkini aparıblar. Təsərrüfatlarda əsasən “Murov”, “Şəfəq”, “Tale-38”, “Qarabağ” kimi keyfiyyətli toxumlardan istifadə edilib, əkinlər xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunur.

Salyan Regional Toxum Analizlər Şöbəsinin baş aqronomu, Yaşar Dəmirov deyib: “Bu sahədə elit toxum əkilib. Bitkinin ümumi görünüşünə baxdıqda kollanma fazasındadır. Baxmayaraq ki, bir az kollanma üçün tezdir. Bu da iqlim şəraiti ilə bağlıdır. Amma bitkinin ümumi görünüşünə baxanda normal inkişafdadır. Qonşu Cəlilabad rayonunda Dövlət Toxum Fondunun dəstəyi ilə “ToxumArt” mağazası istifadəyə verildi. Onların nümayəndələri ilə bizim toxumçuların görüşü təşkil olundu. Onlar işlərini ən qabaqcıl və təcrübəli toxumçularla qurmaq istəyirlər. İstehsal olunmuş məhsulun da həmin toxumçuların brendləşdirilmiş adı ilə satışını təşkil edəcəklər. Bu görüş yerli fermerlər və toxumçularda böyük ruh yüksəkliyi yaradıb”.

Ötən il rayonun 13 özəl toxumçuluq təsərrüfatlarında 570 tona yaxın sertifikatlı toxum istehsal edilib. Bu il həmin toxum sahələri iki dəfə artırılıb. Məqsəd gələcəkdə rayonun əkilən sahələrini kondisiyalı toxumla tam təmin etmək və Dövlət Toxum Fondu ilə əməkdaşlığı genişləndirməkdir.

Biləsuvar rayon Bitki Mühafizə Mərkəzinin baş aqronomu, Tarverdi İbişov bildirib ki, sahədə gəmiricilərə qarşı müşahidə və mübarizə işlərinin aparılması üçün fermerlərlə mütəmadi görüşlər keçirilir: “Həmin görüşlərdə bu tədbirlərlə bağlı onları maarifləndiririk. Bizim əsas məqsədimiz odur ki, fermerlər hər hektarda yüksək məhsuldarlıq əldə etsinlər və onların rifahı yaxşılaşsın. Hazırda sahələrdə zərərvericilər qismən aşkar olunub ki, onlarla da mübarizə aparıb problemi aradan qaldırmışıq”.

Hazırda rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri əkin sahələrinə düzgün aqrotexniki qulluqla bağlı fermerlərlə maarifləndirici görüşlərini davam etdirirlər.