IKT

31 Yanvar

Muxtar respublikada arı ailələrinin sayı 100 minə yaxınlaşıb

Muxtar respublikada arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırıb, 2019-cu ilin sonuna arı ailələrinin sayı 99 min 798-ə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. 2019-cu ildə bu sahədə müvafiq tədbirlər görülüb, arıçılıq məhsullarının istehsalı və qablaşdırılması sahəsinin, 7 arıçılıq təsərrüfatının yaradılması, 2 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 7 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə 2019-cu ildə 607 min manat kredit verilib ki, bu da 2018-ci ildəki göstəricidən 80,3 faiz çoxdur.

Son illər təşkil olunan “Arıçılıq məhsulları – bal festivalı” da arıçıların fəaliyyətinə geniş stimul yaradıb.

©Azertac