IKT

30 Yanvar

Ötən il muxtar respublikada 24 heyvandarlıq təsərrüfatı yaradılıb

Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2019-cu ildə də diqqətdə saxlanılıb, 24 heyvandarlıq təsərrüfatı yaradılıb, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. 19 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 2019-cu ildə 9 milyon 982 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 2 dəfə çoxdur.

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzi yaradılıb. Mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilib.

2019-cu ildə heyvandarlıq təsərrüfatlarında 11210 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 7530 baş sağlam bala alınıb. Bu il yanvarın 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 115 min 620 baş, qoyun və keçilərin sayı 704 min 57 baş olub ki, bu da bir il öncəki göstəriciləri 1,5 və 1,7 faiz üstələyib.

©Azertac