IKT

22 Yanvar

Ötən il Tərtərdə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr qazanılıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2019-cu ildə uğurlu nəticələr əldə edilib. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul verir.

Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu ildə rayonda 26 min 853,3 hektarda kənd təsərrüfatı bitkiləri becərilib. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 744 hektar və ya 2,8 faiz artıb. Əkinlərin 11 min 171,4 hektarı dənli və dənli paxlalı bitkilər, 6579,3 hektarı texniki bitkilər, 1561,8 hektarı kartof, bostan və tərəvəz bitkiləri, 7540,8 hektarı yem bitkiləri olub.

Ötən il 43 min 757,3 min ton dənli və dənli paxlalılar istehsal edilib. İstehsal olunan məhsulun 29 min 481,9 tonu buğda, 12 min 870,4 tonu arpa, 1062,9 tonu qarğıdalı, 342.1 tonu digər taxıl məhsullarıdır. Dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 2018-ci ilə nisbətən 0,7 sentner artaraq 38,9 sentner təşkil edib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41,6 sentner, arpa üzrə 33,7 sentner, qarğıdalının məhsuldarlığı 50,5 sentner, darının məhsuldarlığı 10 sentner, noxudun məhsuldarlığı 25,1 sentner, lobyanın məhsuldarlığı 50,7 sentner, soyanın məhsuldarlığı 7,5 sentner olub. 2019-cu ildə təkrar əkindən 258,1 ton dənli və dənli paxlalılar istehsal edilib ki, onun da 176 tonu dən üçün qarğıdalı, 79,5 tonu darı, 2,5 tonu lobyadır. Bundan başqa il ərzində təsərrüfatlarda 18 min 692,7 ton şəkər çuğunduru, 4515,1 ton kartof, 15 min 741 ton tərəvəz istehsal edilib.

Ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini verib. 2019-cu ildə 3427,2 hektar sahədə pambıq becərən tərtərli torpaq mülkiyyətçiləri 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 34,8 sentner olub. Tərtər rayonu pambığın məhsuldarlığına görə ölkə üzrə üçüncü yerdədir.

Rayonda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi bu istiqamətdə də inkişafa nail olunub. Rayonda 1509,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1119 hektarı barverəndir. 2019-cu ildə 112 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 27,5 hektarda şaftalı, 13 hektarda xurma, 11,6 hektarda alma, 11 hektarda nar, 10,2 hektarda ərik, 5,7 hektarda armud, 2,5 hektarda gilas, 1,5 hektarda alça, 1 hektarda gavalı bağları salınıb, 1 milyon 678 min 510 ədəd meyvə və 225 min 800 ədəd dekorativ bitki tingləri yetişdirilib. Yeni salınan meyvə bağların 58 hektarı intensiv bağlardır. Bağlardan 10 min 530,1 ton meyvə, 1051,5 ton üzüm yığılıb.

2019-cu ildə heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 7540,8 hektar yem bitkiləri, o cümlədən 35 hektarda yaşıl yem üçün qarğıdalı, 93,1 hektarda birillik otlar, 7412,7 hektarda çoxillik otlar əkilib. 89 min 018,3 ton quru ot və 813,7 ton yaşıl kütlə tədarük edilib.

Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq keçən il rayonda 268,9 hektar sahədə təkrar əkin aparılıb ki, həmin sahələrdən 258,1 ton dənli və dənli paxlalılar, 32,5 ton texniki bitkilər, 1099,4 ton kartof və müxtəlif növ tərəvəz, 480,1 ton quru ot və 404 ton yaşıl kütlə istehsal edilib. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.