IKT

22 Yanvar

AMAL çərçivəsində Lənkəranda 150 hektar sahədə limon ağacları əkilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin (AKIA) həyata keçirdiyi pilot layihə çərçivəsində 35 min ədəd limon tingi alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  bildirilib ki, Lənkəran rayonunun 28 kəndində 50 hektar ərazidə yeni bağlar salınıb və 100 hektar sahəni əhatə edən mövcud bağlar bərpa edilib. İkiillik tinglərin növbəti ildən başlayaraq məhsul verəcəyi gözlənilir.

Pilot layihə çərçivəsində 300-dən çox fermerin sitrus bağlarına qulluq ilə bağlı bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər keçirilib. Bundan əlavə, fermerlərin istifadəsi məqsədilə sitrus bağlarında əkin və qulluq işləri aparmaq üçün traktorlar, müxtəlif qoşqu və avadanlıqlar verilib. Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) subkomponenti kimi icra olunan bu layihələr xüsusilə gənclərin kənd təsərrüfatı sahəsində məşğulluğunun artırılmasına yönəlib və bu layihədən əsas faydalanan tərəf gənc fermerlərdir.

Qeyd edək ki, AMAL gənclərin kənd təsərrüfatına marağının yüksəldilməsi, aqrar məşğulluğun artırılması, aqrar sahəyə innovativ ideyaların cəlb edilməsi və dəstəklənməsi məqsədi daşıyır. Layihəni BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Kənd Təsərrüfatı Nazirliyi birgə həyata keçirir və AKİA tərəfindən icra olunur.