IKT

21 Yanvar

Bu ölkələrdə kənd təsərrüfatına 83 milyard dollar investisiya qoyulacaq

İnkişaf etməkdə olan, o cümlədən də zəif inkişaf etmiş ölkələr kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının həcminin artırılması çağırışını reallaşdırmaq üçün kənd təsərrüfatına, bundan daha çox isə bu sahə ilə bağlı istiqamətlərə investisiya qoyuluşunun həcmini artırmalıdır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub.

FAOnun hesablamalarına görə, istehsal həcmini lazımi səviyyədə artırmaq üçün bu ölkələrdə kənd təsərrüfatına tələb olunan cəmi illik xalis investisiya qoyuluşu təqribən 83 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu investisiyaların 24 faizinin bitkiçiliyə, 16 faizinin heyvandarlığa, 60 faizinin isə kənd təsərrüfatı istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri hesab edilir.

Bunlarla yanaşı, daha funksional kənd təsərrüfatı və mükəmməl ərzaq təhlükəsizliyi sisteminin yaradılması üçün aqrar sahə üzrə tədqiqat, təhsil və məsləhət xidmətlərinə, suvarma sistemlərinin inkişafına, digər fiziki və sosial infrastruktur sahələrinə də zəruri dövlət investisiyaları həyata keçirilməlidir. Bu kimi ehtiyacların olmasına baxmayaraq inkişaf etməkdə olan, o cümlədən də zəif inkişaf etmiş ölkələr zəruri investisiya resurslarına malik deyildirlər, üstəlik də onların bu resursları əldə etmək baxımından əlverişli imkanları yoxdur.