IKT

14 Yanvar

Kənd Təsərrüfatı Nazirinin Prezidentə HESABATI

Kənd Təsərrüfatı Naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədəki çıxışını Fins.az Azərtaca istinadən təqdim edir 

- Möhtərəm cənab Prezident, 2019-cu il Sizin tərəfinizdən aqrar sahədə həyata keçirilən islahatlar və görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının əsaslı artımı ilə səciyyələnir. İslahatlarla bağlı, ilk növbədə, lizinq fəaliyyəti ilə bağlı həyata keçirilmiş islahat nəticəsində bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə tətbiq edilir. Ötən il fermerlərə satılan 4117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərimizə satılmışdır. O cümlədən tapşırığınıza uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq prinsipi əsasında qurmuşdur və bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri artıq formalaşdırılıb və bu mərkəzlərdə fermerlərimizə “Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmət göstərilir.

Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması tərəfinizdən tamamilə yeni qaydalar əsasında təsdiqlənmişdir və yeni subsidiya qaydalarının məqsədi bu sahədə ixrac potensialımızı möhkəmləndirmək və kənd təsərrüfatında məşğulluğu daha da artırmaqdır. Artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən veriləcək və bu günə kimi elektron kənd təsərrüfatı sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Fermerlərimiz payızlıq bəyanlarını etmişlər və hazırda gübrə, pestisid və toxum təchizatçıları qeydiyyatdan keçməkdədir, o cümlədən heyvandarlıq sahəsində subsidiyanın verilməsi üçün heyvanların qeydiyyatı, eləcə də baytar həkimlərin və süni mayalanma ekspertlərinin qeydiyyatı həyata keçirilməkdədir. 2020-ci ildə Sizin tapşırığınıza əsasən elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılacaq.

Digər vacib tədbirlərdən biri kimi Sizin tərəfinizdən “Aqrar sığorta haqqında” Qanun təsdiqlənmişdir və Aqrar Sığorta Fondu artıq formalaşdırılmışdır. Bu il əsas hədəflərdən biri kənd təsərrüfatı sahəsində aqrar sığortanın tətbiqidir. Bunun üçün də ən vacib tədbirlərdən biri olaraq fermerlərimiz arasında geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, qarşımıza qoyduğunuz vacib vəzifələrdən biri kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılmasıdır. Belə ki, diqqət yetirsək, bu il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunmuşdur ki, bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil etmişdir, artım ötən ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olmuş, məhsuldarlıq isə 67,6 faiz artmışdır. Həmçinin günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz artmışdır. Sizin də qeyd etdiyiniz kimi, əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artmışdır. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir.

Möhtərəm cənab Prezident, 2020-ci ildə qarşımızda duran əsas vəzifələr fermerlərimizin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görməkdir, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır. Həmçinin fermerlərimizin bu gün ən çox üzləşdikləri məsələlərdən biri də onların kiçikhəcmli kreditlərə çıxışını daha da asanlaşdırmaqdır. Bununla yanaşı, bu il Kənd Təsərrüfatı Nazirliyinin digər qurumlarla birgə çalışacağı əsas sahələr intensiv heyvandarlığın inkişafı, o cümlədən tütünçülüyün və pambıqçılığın məhsuldarlığının daha da artırılması və bizim əsas ixrac məhsullarımızı təşkil edən və gələcəkdə emal sənayesi ilə sıx bağlı olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafıdır. Burada intensiv meyvə bağlarının geniş yayılması əsas prioritet istiqamətlərimizdən biri olacaq. Qeyd etmək istəyirəm ki, subsidiya sahəsində həyata keçirilmiş tədbirlər gübrə bazarında da liberallaşma ilə nəticələnəcək və fermerlərimizin gübrəyə çıxışı daha da asanlaşacaq.

Aqrar sahədə fermerlərimizin maarifləndirilməsi, xüsusilə də mütərəqqi metodların, innovasiyaların tətbiqi sahəsində maarifləndirilməsi vacib istiqamətlərdən biridir. Ona görə də bu sahə fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcəkdir. Sizin vurğuladığınız elektron kənd təsərrüfatının tətbiqi 2020-ci ilin sonuna qədər tam formalaşacaq. Bütün sahələrin elektron kənd təsərrüfatı vasitəsilə tənzimlənməsi nəzərdə tutulub.

Aqrar emal sənayesinin inkişafı ilə bağlı Sizin tapşırığınıza əsasən hazırda İqtisadiyyat Nazirliyi ilə birgə iş aparılır və tezliklə təkliflər paketi Sizin diqqətinizə təqdim olunacaq. Çox sağ olun.