İdman

15 Yanvar

Bahalaşma britaniyalıları pirat idman yayımlarına yönəldir

Finss.az xəbər verir ki, Böyük Britaniyada qanunsuz idman yayımlarına maraq kəskin şəkildə artıb. Analitik şirkət Yield Sec-in hesabatına əsasən, 2025-ci ilin yanvar–iyun ayları arasında pirat idman yayımlarına 1,6 milyard dəfə baxış qeydə alınıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir çoxdur.

Hesabatda qeyd olunur ki, statistikaya 90 saniyədən çox davam edən baxışlar daxil edilib ki, bu da istifadəçilərin pirat məzmunu aktiv şəkildə izlədiyini göstərir.

Yield Sec-in təsisçisi İsmayıl Vali bildirib ki, qanunsuz idman yayımları çox vaxt qanunsuz bukmeker kontorları tərəfindən maliyyələşdirilir. Onun sözlərinə görə, bu cür yayımlar yeni istifadəçilərin cəlb edilməsi və qeyri-leqal mərc platformalarının təşviqi üçün istifadə olunur.

Ekspertlər vurğulayırlar ki, rəsmi idman yayım xidmətləri üçün abunə haqlarının artması fonunda Britaniya sakinləri getdikcə pirat saytlara üz tutur. Hökumətin hesablamalarına görə, ölkədə yetkin əhalinin 38%-i 2024-cü ildə ən azı bir dəfə qanunsuz idman yayımı izləyib.

Bundan əlavə, Nielsen tərəfindən aparılan sorğu göstərib ki, britaniyalıların 58%-i qanunsuz idman yayımlarını izləməyi “sosial cəhətdən məqbul” hesab edir. Bu isə media hüquqları sahəsində problemlərin daha da dərinləşdiyini göstərir.