İdman

22 Dekabr

Qarabağ Zəfərinin 5 illiyinə həsr olunmuş Braziliya Ciu-Citsu üzrə ümumrespublika seminarı keçirilib

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyi tərəfindən Qarabağ Zərəfinin 5 illiyinə həsr olunmuş Ümumrespublika Seminarı keçirilmişdir. Seminarda uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak etmiş, müxtəlif yaş və çəki kateqoriyalarında təlimlər keçmişlər.

Finss.az xəbər verir ki, seminar Braziliya Ciu-Citsu döyüş sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə təşkil olunmuşdur. İdmançılar Taleh Həsənov tərəfindən attestasiya imtahanından keçərək müxtəlif dərəcələrdə kəmərlər almışlar.

Açılış mərasimində İctimai Birliyin təsisçisi və I Qarabağ Müharibəsi iştirakçısı Taleh Həsənov çıxış edərək, Birliyin fəaliyyət planına tariximizin şanlı Zəfər günlərinə həsr olunmuş seminar və tədbirlər daxil olmasından məmnunluğunu ifadə etmiş və idmançılara uğurlar arzulamışdır.

Həmtəsisçi Vüsal Həsənov çıxışında tariximizin unudulmaması, dəyərlərimizə sadiq qalmağın və Zəfər tarixinin gənclərə öyrədilməsinin əhəmiyyətini vurğulamışdır.

İctimai Birliyin prezidenti Aqil Acalov seminar zamanı II Qarabağ Müharibəsində qəhrəmanlıq göstərən idmançılar və vətən oğullarının gənc nəsilə örnək olduğunu qeyd etmişdir.

Sədri Fuad Kərimov isə idmançıların fiziki və mənəvi sağlamlıq inkişafına verdikləri töhfələrin vacibliyini vurğulayaraq onlara uğurlar arzulamışdır.

Seminarın sonunda imtahandan keçən idmançılar layiq görüldükləri Braziliya Ciu-Citsu kəmərləri ilə mükafatlandırılmışlar.