UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” İrlandiyanın “Şelburn” klubunu 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Finss.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada oyundakı yeganə qol 44-cü dəqiqədə qeydə alınıb. Qonaqların oyunçusu Con Martin topu öz qapısından keçirərək avtoqol müəllifi olub.
68-ci dəqiqədə “Qarabağ” penaltidən fərqlənmək şansı qazansa da, Kadi Borges bu fürsəti dəyərləndirə bilməyib.
Qeyd edək ki, Dublində keçirilmiş ilk qarşılaşmada Azərbaycan təmsilçisi 3:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” III təsnifat mərhələsinə adlayıb.
Növbəti raundda Qurban Qurbanovun komandası Şimali Makedoniyanın “Şkendiya” və Rumıniyanın FCSB klubları arasındakı cütün qalibi ilə qarşılaşacaq.