İdman

15 İyul

Premyer Liqada transfer panoraması

Finss.az - Azərbaycan futbolunun flaqmanı sayılan Misli Premyer Liqasında 2025/26 mövsümünün hazırlıqları sürətlə davam edir.

Yeni mövsüm öncəsi 12 klub heyətlərində genişmiqyaslı dəyişikliklər apararaq transfer bazarında aktiv fəaliyyət göstərir.

“Qarabağ”dan Portuqaliya çaları

Son illərin dəyişməz çempionu “Qarabağ”, heyətini əsasən Portuqaliya bazarından gücləndirib. Klub “Torreense”dən Dani Bolt, “Alverka”dan Pedro Bikalyo və “Mafra”dan Kris Kuaku kimi gənc və perspektivli futbolçuları heyətinə qatıb. Eyni zamanda, Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç kimi təcrübəli adlarla yollar ayrılıb.

“Zirə”də balanslı transfer siyasəti

Paytaxt təmsilçisi “Zirə” daxili bazarda fəal olub. “Şamaxı”dan Brahim Konate, “Sumqayıt”dan Rövlan Muradov və “Sabah”dan Vinsent Tilli komandanın yeni simalarıdır. Ruan Renato və Anar Nəzirov kimi əsas oyunçuların müqavilələri uzadılıb.

“Araz-Naxçıvan”da böyük dəyişikliklər

Region təmsilçisi bu yay transfer pəncərəsinin ən fəal klublarından biri olub. Almaniyanın “Osnabruk” klubundan Çance Simakala Ba-Muaka və Kiprin “Apollon” klubundan Çarles Boli diqqətçəkən transferlər sırasındadır. Klub, eyni zamanda, Patrik Andrade kimi təcrübəli yarımmüdafiəçini də heyətinə cəlb edib.

Digər klublarda son vəziyyət

  • “Turan Tovuz” heyətini İspaniya, Portuqaliya və Rumıniya klublarından oyunçularla gücləndirib.

  • “Sabah” klubunda baş məşqçi dəyişikliyi baş verib – Valdas Dambrauskas komandaya rəhbərlik edəcək. Klub həm də Fransa və Polşa klublarından transferlər edib.

  • “Neftçi” yay transfer dönəmində 13 futbolçu ilə yollarını ayırıb, 6 yeni transferlə heyətini yeniləyib.

  • “Şamaxı” geniş dəyişikliklər edib. 10-dan çox oyunçu ilə vidalaşıb, Portuqaliya, İsveçrə və Braziliyadan transferlər reallaşdırıb.

  • “Sumqayıt” baş məşqçi Saşa İliçlə yeni dövrə start verir.

  • “Kəpəz” əsasən Portuqaliya və Türkiyə bazarından transferlər həyata keçirib.

  • “Qəbələ” gənc və perspektivli oyunçulara üstünlük verib.

  • “Karvan” bir neçə tanınmış futbolçunu heyətə qatmaqla liqadakı ilk mövsümünə ciddi hazırlaşır.

  • “İmişli” isə yeni baş məşqçi Xorxe Kaskilya ilə yeni mövsümə iddialı başlayacaq.