Finss.az - Azərbaycan futbolunda 2024/25 mövsümü başa çatdıqdan dərhal sonra Misli Premyer Liqasında mübarizə aparan 12 klub yeni mövsüm üçün transfer çalışmalarına start verib.
Komandalar heyətlərini yeniləyir, bəzi futbolçularla yollarını ayırır, yeni oyunçuları heyətə qatır və müqavilə müddətlərini artırırlar.
Premyer Liqanın liderlərindən “Qarabağ” bu mövsüm Portuqaliyadan Dani Bolt və Pedro Bikalyo kimi oyunçuları heyətinə cəlb edib, eyni zamanda Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə yollarını ayırıb.
“Zirə” klubu “Şamaxı”dan Brahim Konate, “Neftçi”dən Yeqor Boqomolski, “Qarabağ”dan İsmayıl İbrahimli və “Sumqayıt”dan Rövlan Muradovu transfer edib. Komanda həmçinin bəzi futbolçularla müqavilə müddətlərini uzadıb.
Yeni mövsümdə uğur qazanmağa çalışan “Araz Naxçıvan” komandası İsrailin “Makkabi Netaniya” klubundan Bar Cohen və Almaniyanın “Osnabruk” klubundan Çance Simakala Ba-Muaka kimi futbolçuları heyətinə qatıb.
Digər klublarda da aktiv transfer fəaliyyəti müşahidə olunur. Məsələn, “Sabah” klubu Polşanın “Pyast” klubundan Akim Zedadka, Fransa klublarından Stiv Solvet və Zinədin Uld Xaledi heyətinə cəlb edib.
“Neftçi” isə Kipr “Apollon Limassol”dan Sessi D’Almeyda və Paragvayın “Sportivo Ameliano” klubundan Luis Ortisi icarəyə götürərək güclənməyə çalışır.
Mövsüm öncəsi geniş transfer hərəkatı komandaların rəqabət qabiliyyətini artırmaqla yanaşı, Premyer Liqanın daha maraqlı keçəcəyinə işarədir.