İdman

11 İyun

Azərbaycan klubları İFFHS-in dünya reytinqində: “Qarabağ” ilk 150-də

Finss.az - Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti dünya reytinq cədvəlini açıqlayıb.

Siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən dörd klub da yer alıb.

Ölkə təmsilçiləri arasında ən yüksək göstəriciyə Ağdamın “Qarabağ” klubu sahibdir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 144,75 xalla 119-cu pillədə qərarlaşıb. Bu, Azərbaycan klubları arasında ən yüksək nəticədir.

Bakının “Zirə” klubu 95,75 xalla 232-ci pillədə yer alıb. “Sabah” isə 317-ci sıraya yüksəlib – komandanın hesabında 76 xal var. Siyahıda yer alan dördüncü Azərbaycan klubu “Araz-Naxçıvan” 61,25 xalla 446-cı mövqedədir.

Ümumi sıralamaya İspaniyanın “Real Madrid” klubu başçılıq edir. Madrid təmsilçisi 470 xalla liderlik edir. “Real”ın əzəli rəqibi “Barselona” 434 xalla ikinci, İtaliyanın “İnter” klubu isə 419 xalla üçüncü yerdədir.

İFFHS reytinqi klubların son 12 ay ərzində beynəlxalq və yerli turnirlərdə əldə etdikləri nəticələr əsasında tərtib olunur.