"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Premyer Liqada 100-cü oyununu qeyd edib.
Finss.az xəbər verir ki, Misli Premyer Liqasının XVII turunda "Sumqayıt"la matçdan öncə futbolçuya xatirə forması və diplom təqdim edilib. Cəfərquliyev 100-cü oyununu ötən tur "Sabah"a qarşı keçirmişdi.
Bu turda "Qarabağ", "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib. Respublika stadionunda keçirilən oyunda Musa Qurbanlı (7, 33), Nəriman Axundzadə (45+1), Redon Cica (75) və Toral Bayramov (90+1) fərqləniblər. Ağdam təmsilçisi 41 xalla turnir cədvəlində birinci pilləyə yüksəlib, "Sumqayıt" isə 19 xalla altıncı yerdədir.
Digər oyunlarda "Sabah" "Araz-Naxçıvan"ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” matçları qolsuz bərabərliklə nəticələnib.
Oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov güclü rəqibə qarşı oynadıqlarını bildirib:
"Komandam yaxşı mübarizə apardı, lakin fərdi səhvlər etdik. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq."
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbə münasibətilə futbolçularına təşəkkür edib və heyətdə zədəlilərin çox olduğunu vurğulayıb:
"Bu qələbə bizim üçün vacib idi. Müdafiədə problemlər var, qış transfer pəncərəsində əsasən müdafiə mövqeyinə oyunçu axtarırıq."
Qeyd edək ki, "Qarabağ"ın azarkeşləri soyuq havada komandanı dəstəkləyərək oyun boyunca böyük motivasiya yaradıblar.