Seçmə mərhələdə gücümüzü göstərmək istəyirik.
Bunu Finss.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Camalov deyib.
29 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları yığmalar haqqında danışıb:
"Bizimlə eyni qrupda yer alan rəqiblərin hər biri güclüdür. Həmin matçlara qədər xeyli vaxtımız olacaq. Təlim-məşq toplanışlarında rəqibləri daha yaxşı təhlil edəcəyik. Öz oyunumuzu da inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik".
E.Camalov son zamanlar ümidləri doğrulda bilmədiklərini söyləyib:
"Azarkeşləri, hər kəsi üzmüşük. Biz də belə olmasını istəməzdik. Amma ümid edir və inanıram ki, özümüzdə bu gücü toplayacağıq. Komanda şəklində yenidən birləşib sonadək mübarizə apararaq əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə üz-üzə gələcək. Komanda ilk matçını 2025-ci il sentyabrın 5-də səfərdə İslandiyaya qarşı keçirəcək.
Kaira Agayeva
Finss.az