İdman

08 Avqust

Rusiyalı şahmatçı civə ilə zəhərləmə cəhdinə görə cəzalandırılıb

Rusiyalı şahmatçı Əminə Abakarova rəqibini oyun taxtasına civə tökərək zəhərlədiyinə görə müvəqqəti olaraq cəzalanıb.

Finss.az Rusiya Şahmat Federasiyasından verilən açıqlamaya istinadən xəbər verir ki, Mahaçqalada keçirilən turnirdə rəqibini zəhərləməyə cəhd edən Abakarovanın müvəqqəti olaraq milli yarışlardan kənarlaşdırıldığı bildirilib. Məhkəmə prosesi yekunlaşdıqdan sonra isə Abakarovaya ömürlük qadağa qoyula bilər.

Hadisə ilə bağlı Rusiya mətbuatında yer alan xəbərlərə görə, turnir başlayandan sonra Abakarovanın rəqibi Umayqanat Osmanovanın vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib. Daha sonra səlahiyyətlilər kamera görüntülərini araşdırıb və Abakarovanın rəqibini zəhərləmək üçün oyun taxtasının üzərinə civə tökdüyünü müəyyən ediblər.

Abakarova, Osmanovanın onu və yaxınlarını xoşagəlməz sözlər deyərək narahat etdiyini əsas gətirərək, hərəkətini “şəxsi düşmənçiliklə bağlı impulsiv qərar” kimi izah edib.

Bundan əlavə, saxlanılan Abakarovanın sağlamlığına zərər vurduğuna görə həbs cəzası tələbi ilə məhkəmə işi qaldırılıb.