İdman

23 Fevral

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Fins.az xəbər verir ki, birinciliyinin açılış mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O, ölkəmizdə idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib, bir neçə gün əvvəl Bolqarıstan paytaxtı Sofiyada başa çatan Avropa çempionatında atletimiz Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb, onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib. Yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib, sonda bu il yubileylərini qeyd edən mütəxəssislər – Elxan Süleymanov və Sədrəddin Kazımova AAF-ın fəxri fərmanı və hədiyyələri təqdim edilib.

Yarışda ilk olaraq qızlar körpücük üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.