İdman

22 Dekabr

“Xəzri” basketbol klubunun kapitanı: Bu qədər insanın sevgisini qazanmaq xoşbəxtlikdir

“Maraqlı oyun oldu. “Xəzri” klubu 4 aydır yaransa da, rəqabətin içindədir. Bu, həqiqətən sevindirici haldır”.

Bu sözləri Fins.az-a açıqlamasında basketbol üzrə Azərbaycan millisinin və “Xəzri” klubunun kapitanı Amil Həmzəyev ölkə çempionatının IX turunda mövsümün iddialı komandalarından “Sabah”a 80:84 hesablı məğlubiyyəti şərh edərkən deyib.

33 yaşlı oyunçu bildirib ki, sözügedən matça Azərbaycan Basketbol Federasiyasının və hər iki klubun rəhbərliyinin təşrif buyurması komandası üçün uğurdur: “Qısa zamanda bu qədər insanın sevgisini qazanmaq xoşbəxtlikdir. Buna görə də kollektivi və rəhbərliyi təbrik edirəm. Əslində bərabər səviyyəli oyun göstərdik. Sadəcə, oyunçuların keyfiyyəti baxımından “tələbələr” bizə qalib gələ bildilər. Ancaq güclü rəqibə 4 top fərqi ilə uduzmaq da müsbət məqamdır. Gələcəyə nikbin baxırıq”.

Oyundan sonra “Sabah” klubunun etdiyi paylaşıma münasibət bildirən basketbolçu bu cür hallara dünya idmanında tez-tez rast gəlindiyini söyləyib: “Prinsipial rəqiblər bir-biri ilə meydandan kənarda da mübarizə aparır. Mən də “Neftçi”nin “Sabah”ı məğlub etdiyi matçdan sonra post paylaşmışdım. Görünür, “Sabah” da həmin paylaşıma cavab verib (gülür). Bu cür hallar azarkeşlərə də maraqlı gəlir”.

Mövsümün ilk dövrəsini 16 xalla tamamlayan “Xəzri”nin çıxışını da dəyərləndirən kapitan əlavə edib: “Əslində uğurlu start gözlənilən idi. İkinci dövrədə daha inamlı oynayacağıq. Qış fasiləsindən əvvəl iki oyunçu ilə anlaşdıq. Yeni transferlər komandaya tam uyğunlaşandan sonra hər şeyin yaxşı olacağına inanıram”.

Günel Məlikzadə
Fins.az