İdman

01 Fevral

FİDE reytinqində Teymur Rəcəbov mövqeyini qoruyub, Şəhriyar Məmmədyarov geriləyib

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.
Fevral reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. 

Millimizin liderlərindən Şəhriyar Məmmədyarov bir pillə geriləyib. 2770 xala malik qrossmeysterimiz 9-cudur. Ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

3 pillə irəliləyən Qədir Hüseynov 2665 xalla 71-cidir. 4 addım geriləyən Nicat Abbasov 2664 xalla 74-cü sırada qərarlaşıb. 

Ondan 10 xal az toplayan Rauf Məmmədov 5 addım irəliləyərək 87-ci sıraya yüksəlib. Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 96-cıdır. O, 4 pillə irəliləyib.

Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 3 pillə irəliləyərək 2443 xalla 28-ci yerə yüksəlib. Bir pillə geri düşən Gülnar Məmmədova (2382) 80-cidir. Ondan 6 xal geri qalan və 1 pillə irəliləyən Xanım Balacayeva 89-cudur.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.