"Barselona"nın 33 yaşlı argentinalı kapitanı Lionel Messi və "Atletiko"nun uruqvaylı hücumçusu Luis Suares karyeralarını yenidən eyni klubda davam etdirə bilərlər.
Bildirilir ki, argentinalı və uruqvaylı futbolçular MLS "İnter Mayami" klubunda yenidən bir araya gəlmə şansına malikdirlər. Bu klubun sahiblərindən biri İngiltərə yığmasının, "Mançester Yunayted"in və "Real"ın sabiq futbolçusu Devid Bekhemdir. Ancaq bu, 2022-ci ildən tez olmayacaq.
Lionel Messi "Barselona"da cari mövsümdə bütün yarışlarda 18 görüş keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.
Luis Suares 2020/2021 mövsümündə Madridin "Atletiko" klubunda 14 matç keçirib. Otuz üç yaşlı uruqvaylı hücumçunun aktivində 7 qol və 1 məhsuldar ötürmə var. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, hər iki oyunçu 2014-cü ildən 2020-ci ilə qədər "Barselona"da çıxış edib.