Azərbaycan cüdo millisi Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya lisenziyalı Masters turnirinə az heyətlə yola düşə bilər.
11-13 yanvar tarixlərində keçiriləcək yarış üçün indiyə olan göstəriciyə görə 63 ölkədən 320 cüdoçunun adı sifariş olunub.
Bunların 184-ü kişi, 136-sı isə qadın cüdoçulardır. 320 cüdoçudan doqquzu Azərbaycan təmsilçisidir.
Belə ki, Azərbaycan Cüdo Federasiyası hələ ki altı kişi və üç qadın idmançının adını Beynəlxalq Cüdo Federasiyasına təqdim edib. Bunlar kişilərdə Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq) və İrina Kindzerskayadır (+78 kq).
Siyahıda Olimpiya və dünya mükafatçısı, Avropa çempionu Rüstəm Orucovun (-73 kq) adı yoxdur. Öz çəkisində Olimpiya və dünya reytinqinin birincisi olan idmançımız qeyri-rəsmi də olsa, Tokio Olimpiadasına vəsiqəni təmin edib.
Qeyd edək ki, 2021-ci ilin ilk yarışına hələ ki ən çox idmançı sifariş edən Rusiyadır. Şimal qonşularımızın 29 idmançısı bu yarış üçün sifariş olunub. Meydan sahibi Qətər isə hələ ki hansı cüdoçularının yarışacağını açıqlamayıb.