İdman

28 Dekabr

Peşəkar Futbol Liqası: Son 16 ilin rekordu

Bakı 28 dekabr Fins.az

Azərbaycan Premyer Liqasında qış fasiləsi başlayıb.

Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, cari mövsümün başa çatan birinci yarısında keçirilən 13 turdan sonra liderlə autsayder arasında fərqin azaldığı diqqəti cəlb edir. Birinci pillədə qərarlaşan “Neftçi”nin 24, sonuncu yerdə duran “Sabah”ın 13 xalı var. İlk və son pillə arasında cəmi 11 xallıq fərq yaranıb.

Bu, səkkiz komandanın qatıldığı çempionatlar üçün mütləq rekorddur. Ardıcıl beşinci dəfə eyni format və iştirakçı sayı ilə keçirilən yarışda komandalar heç vaxt qış fasiləsinə belə az xal fərqi ilə yollanmayıblar. Belə ki, 2016-2017-ci il mövsümündə fərq 24-ə bərabər olubsa, 2017-2018-ci ildə liderlə autsayder arasında 30 xallıq fərq olub. 2018-2019-cu il mövsümündə bu rəqəm 23, ötən mövsüm isə 19 xal təşkil edib.

Daha çox komandanın mübarizə apardığı əvvəlki çempionatlara nəzər salsaq, birinci yerlə 8-ci pillə arasında fərq adətən daha çox olub. On iki il öncə bu rəqəm indiki kimi 11-ə bərabər idi. 2008-2009-cu il mövsümündə qış fasiləsinə 13 turdan sonra lider kimi yollanan “İnter” (indiki “Keşlə”) 8-ci olan “Standard”ı 11 xal qabaqlayıb. Bu iki göstərici son 16 mövsümün rekordudur.

Yeni ilə ilk 8 sırada qərarlaşanların daha az fərqlə yollanmasına sonuncu dəfə 2004-2005-ci il mövsümündə təsadüf olunub. On altı il öncə qış çempionu “Qarabağ” 40, 8-ci sıradakı “MKT-Araz” 31 xal toplayıb. On yeddi turdan sonra yaranan fasilədə fərq 9-a bərabər olub.