“Birinci divizion oyununa təcili tibbi yardımın vaxtında gəlməməsi ölkədəki vəziyyətlə əlaqədar olan məsələdir. Bundan əvvəl belə problemlərimiz olmayıb”.
Bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov I Divizionun X turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununa təcili tibbi yardımın vaxtında gəlməməsi ilə bağlı danışarkən deyib.
Gənc qurum rəsmisi I Divizion matçlarında belə halların baş verməsini ölkədə koronavirusa yoluxmanın pik həddə olması ilə əlaqələndirib. O, hətta bu üzdən müəyyən güzəşt etdiklərini də söyləyib: “İnsanların sağlamlığı hər şeydən önəmlidir. Əslində müharibə dövründəki vəziyyəti nəzərə alırıq. Təcili tibbi yardıma çox ehtiyac olduğu üçün onların hətta iclasa gəlmələrini də yığışdırmışıq. Komandalar matçın startına 45 dəqiqə qalmış meydana məşqə çıxanda gəlsələr, kifayətdir. Yəni bir saatdan çox güzəşt etmişik”.
Abbasov yaranmış vəziyyətdən çıxış yolu tapdıqlarını da əlavə edib: “Tək-tük oyunda belə problem yaşanır. Yerli Olimpiya Komplekslərində olan həkimləri cəlb edirik. Amma təcili tibbi yardımın oyunda olması əsas şərtlərdən biridir. Çünki oyun vaxtı olan tibbi məsələni yalnız ixtisaslaşmış həkim aradan qaldıra bilər”.