Bakı, 10 dekabr Fins.az
"Oyun alqı-satqısında ittiham edilən "Muğan", AZAL və "Rəvan" klubunun sabiq futbolçusu Samuel Barlayın cəzası ləğv edilib
34 yaşlı sierra-leoneli yarımmüdafiəçi ilə yanaşı onun həmyerlisi İbrahim Koroma da əfv olunub.
Hər iki oyunçu Sierra Leone Futbol Assosiasiyasının tərəfindən dəlil çatışmazlığına görə bağışlanılıb.
Onların 2008-ci ildə Cənubi Afrika Respublikası ilə qolsuz heç-heçə ilə başa çatan Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşünə təsir etdikləri iddia edilib.
Barlay xəbəri eşidən kimi göz yaşlarını saxlaya bilmədiyini söyləyib: "Həmişə günahsız olduğumu bilirdim. Xəbəri alqışlayıram. Amma sevinmirəm. Çünki assosiasiya mənim imicimə zərbə vurdu və nəticədə karyeram ziyan gördü. Bu imic bərpa edilə bilməz. Mən karyeramı bitirəndə belə qərar verdilər. 2018-ci ildə bu iddiadan sonra karyeramı bitirməyə qərar verdim".
Müdafiəçi "Rəvan"da çıxış etdiyi dönəmi xatırladıb: "Rəvan" müqaviləni ləğv etdikdən sonra, heç kim mənimlə sözləşmə imzalamaq istəmirdi".
Qeyd edək ki, Samuel Barlay 2010-cu ildə "Muğan", 2011 - 2013 və 2015/2016 mövsümündə "Rəvan", 2013/2014 mövsümündə isə AZAL-ın formasını geyinib.