Bakı, 1 dekabr Fins.az
Koronavirus pandemiyası səbəbindən üçüncü gündə dayandırılmış Tokio Olimpiya Yay Oyunlarının boks yarışlarına lisenziya verən Avropa təsnifat turnirinin yeni tarixi bəlli olub.
“Inside the Games” xəbər verir ki, təsnifat turniri 2021-ci ilin 22-26 aprel tarixlərində keçiriləcək. Londondakı yarışın tamaşaçısız keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, iki türk boksçu və məşqçi, eləcə də Xorvatiya boks nümayəndə heyətinin üç üzvündə koronavirus testi müsbət çıxdıqdan sonra bu ilin martın 14-də tamaşaçılara açıq formada Londonda yarış keçirilmişdi. Sonradan yarış azarkeşlərin üzünə bağlansa da, təşkilatçılar üçüncü gündən sonra turniri dayandırmaq barədə qərar çıxardı.
Onu da bildirək ki, ilk üç günün nəticəsinə əsasən 57 kq çəki dərəcəsində Tayfur Əliyev 1/4 finala vəsiqə qazanmaqla Tokio Olimpiadasına vəsiqə qazanan ilk boksçumuz olub. Apreldə yarış keçirilərsə, 1/8 finala vəsiqə qazanmış Cavid Çələbiyev (-63 kq) və Lorenso Sotomayor (-69 kq), eləcə də T.Əliyev qaldığı yerdən mübarizəsini davam etdirəcək.
Qadınlarda Anaxanım Ağayeva (-51 kq), kişilərdə Rüfət Hüseynov (-52 kq), Kamran Şahsuvarlı (-75 kq) və Rauf Rəhimov (-91 kq) məğlub olaraq mübarizəni dayandırıb. Məhsəti Həmzəyeva (-57 kq), Aynur Rzayeva (-75 kq), Alfonso Dominqes (-81 kq) və Məhəmməd Abdullayev (+91 kq) isə hələ yarışa çıxmayıb.