"Lüksemburqdan asılı olmağımıza baxmayaraq, qarşıdakı iki oyunda qələbə qazanmaq niyyətindəyik. Bəlkə də əsas rəqibimiz büdrəyəcək. Amma əvvəlcə öz matçlarımıza baxmalıyıq. İki çətin komandanı məğlub etməliyik".
Fins.az-ın məlumatına görə, bu fikirləri Monteneqro millisinin baş məşqçisi Faruk Hecibegiç Qazaxıstanla yoldaşlıq oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında UEFA Millətlər Liqasında Azərbaycan və Kiprlə oynayacaqları matçlar barədə danışarkən deyib.
63 yaşlı mütəxəssis sözügedən qarşılaşmalar üçün heyəti müəyyənləşdirmədiyini bildirib: "Düşünürəm ki, Azərbaycanla oyunda meydana ən yaxşı komanda çıxacaq. Bir daha deyirəm ki, komandadakı ab-havadan məmnunam. Futbolçuların istəyi və futbola sevgisi hər gün bir az daha artır".
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.