İdman

06 Noyabr

De Byazinin milliyə bağlı qış planı: "Bizdən kimi çağırıb-çağırmayacağını özündən soruşmağım etik cəhətdən düzgün çıxmazdı"

"De Byaziylə ümumən klubdakı futbolçular haqda danışdıq. Bundan əvvəl millidə çıxış etmiş oyunçularımız, çempionatımız, futbolumuz barəsində müzakirələr apardıq. Vaxt az olduğundan geniş söhbətimiz olmadı. Məşqdən əvvəl yarım saat oturub söhbətləşdik".

Bu fikirləri  "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.

Məlumdu ki, millimizin baş məşqçisi Canni de Byazi bu komandadan yalnız müdafiəçi Adil Nağıyevi çağırıb ki, onun uğursuz debütündən sonra dəvət göndərməyib. Hacıyev isə təcrübəli hücumçusu Rauf Əliyevin çağırılmasının faydalı olacağınını gizlətməyib. Maraqlıdı, italiyalı mütəxəssis bu həftə "Səbail"in məşqini izlədiyi zamanı konkret Əliyevlə bağlı söhbət olubmu? Hacıyevi dinləyək: "Tək, Rauf yox, digər təcrübəli futbolçularımız haqda söhbət oldu. Rahid Əmirquliyev, Əfran İsmayılov, Ürfan Abbasov bu sıradadı. Görürsən ki, onlar haqda məlumatlıdı, çempionatımızı izləyir. Eyni zamanda gənc futbolçularımız haqda biglisi var. Tək-tək oyunçular haqda diskussiyamız oldu. Ancaq kimi çağıracağını, kimi çağırmayacağını de Byazinin özündən soruşmağım əlbəttə, etik cəhətdən düzgün çıxmazdı. O, xüsusən kimisə çağırmaq fikrində olduğunu hiss etdirmədi. Sadəcə, hər biri haqda məlumat istədi. Daha çox millinin keçmiş oyunçuları haqda soruşdu. Mütəmadi oynayan gənc futbolçularımızı, U-21-nin üzvlərini, namizədləri da diqqətdə saxlayır. Bir sözlə, bütün futbolçular nəzarətindədi. Ancaq indiki siyahısı haqda nəsə demək çətindi. Belə hiss olundu ki, qış toplanışlarında hamını yoldaşlıq görüşlərində nəzərdən keçirmək istəyir".

Hacıyev təcrübəli mütəxəssis haqda təəssüratlarını da bizimlə bölüşdü: "Onunla ilk dəfə görüşürdüm. Bir dəfə məşqimizə gəlmək istəsə də, alınmamışdı. Görünən odur ki, həqiqətən enerjili, pozitiv insandı. Millimizə də bu pozitivliyini keçirməyi bacarıb. Sadəcə, pandemiya dövründə işinə zərbə dəydi. Çünki Millətlər Liqasının startına yaxın gələrək fəaliyyətə başladı. Həmişə milimizin baş məşqçisi yay toplanışlarında klublarla daim ünsiyyətdə olurdu. Ancaq de Byazidə bu imkan olmadığına görə  bir qədər çətinliyi oldu. Belə bir təcrübəli mütəxəssislə pozitiv söhbətimiz oldu və bu cür görüşlərin tez-tez olması milli üçün faydalı olacaq. Çünki futbolçular daha çox klublardakı məşçqilərlə ünsiyyətdə olur. Bu üzdən millimizin baş məşqçisinin klubdakı həmkarlarıyla sıx əlaqələrinin olması yaxşıdı". Sport24