İdman

09 Oktyabr

Azərbaycan idman ictimaiyyətinin bəyanatı beynəlxalq idman təşkilatlarına çatdırılıb

Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyaları beynəlxalq idman təşkilatlarına və qurumlarına Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən birgə bəyanat ünvanlayıb. Ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanmış bəyanat on iki minə yaxın təşkilata göndərilib.

Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Tədris Mərkəzinin rəis müavini, Mərkəzin rəisi vəzifəsinin müvəqqəti icraçısı Mirəli Kazımov bildirib ki, qeyd olunan bəyanat Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasına, həmçinin qurumun əməkdaşlıq etdiyi 88 beynəlxalq tərəfdaşına göndərilib.

Fins.az xəbər verir ki,federasiyanın sıx əlaqə saxladığı Türkiyə və bir sıra digər ölkələrin aidiyyəti təşkilatları bəyanatın öz ölkələrinin mətbu orqanlarında geniş işıqlandırılacağı ilə bağlı təşəbbüs göstərəcəklərini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində federasiya bundan sonra da öz imkanlarından maksimum istifadə edəcəkdir.

Müəllif:Aynur Qəniyeva