Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyəti beynəlxalq təşkilatlara və idman qurumlarına Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini özündə əks etdirən Bəyanat ünvanlayıb.
Ümumilikdə 90 təşkilatın imzası ilə hazırlanan Bəyanat on iki minə yaxın təşkilata göndərilib.
Bəyanatda deyilir:
“Biz Azərbaycan idman ictimaiyyəti adından bəyan edirik ki, beynəlxalq hüquq normaları çərçivəsində tanınan ərazilərimizin bütövlüyü tam bərpa olunmayanadək, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri ölkə ərazimizi tam tərk etməyənədək, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıtmayanadək canımız və qanımızla apardığımız haqq mübarizəsində sona qədər Dövlətimizin yanındayıq!”